Türkiyənin Antalya şəhərində “ANKOSLink 2023” beynəlxalq konfransına start verilib.
Dünyanın bir çox ölkəsindən 500-dən çox kitabxana-informasiya və texnologiya mütəxəssisinin qatıldığı “Cumhuriyetin 100 Yılında Üniversite Kütüphanelerini Yeniden Düşünmek” mövzusunda keçirilən beynəlxalq konfransda UNEC-i Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d. Adilə Abdullayeva təmsil edir.
Konfransda süni intellekt alətlərinin universitet kitabxanalarına təsiri, korporativ akademik nəşrlər, açıq elmi data bazalar, yeni öyrənmə platformaları və modelləri, verilənlər bazasından istifadə, kitabxana konsorsiumlarının fəaliyyəti, informasiyanın davamlılığı, rəqəmsal arxivlərin yaradılması və kitabxanalarda yeni texnoloji həllərin tətbiqi barədə məsələlər müzakirə olunub.
UNEC Kitabxana İnformasiya Mərkəzinin fəaliyyəti barədə konfransda geniş təqdimat olub. Təqdimat zamanı UNEC-in elektron kitabxanası, yerli və beynəlxalq elektron resurslara çıxışı, 4 dildə zəngin kitab fondu və digər yeniliklər barədə iştirakçılara məlumat verilib.
Konfrans çərçivəsində Sage, Springer, Elsevier, Wiley, EBSCO, SOBIAD, IEEE Xplore kimi nüfuzlu tərəfdaşların elmi məlumat bazalarının və rəqəmsal kitabxanaların nümayəndələri ilə də görüşlər keçirilib.
Konfrans noyabr ayının 24-nə kimi davam edəcək.