UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində “Azərbaycanın COP29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə fakültənin dekanı dosent Elman Cəfərov giriş sözü ilə çıxış edərək, Azərbaycanın ev sahibliyi ilə keçiriləcək COP29 Tərəflər Konfransının əhəmiyyətindən danışmış, konfransın həm siyasi, enerji sektorunun, həm də miqrasiya sahələrinin inkişafı nöqteyi-nəzərindən çox vacib tədbir olduğunu diqqətə çatdırıb.
Tədbirdə qonaq qismində dəvət olunan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası rektorunun müşaviri, Politologiya və siyasi idarəetmə kafedrasının dosenti Zaur Məmmədov və UNEC-in “Humanitar fənlər” kafedrasının baş müəllimi İbrahim Babayev mövzu ilə bağlı çıxış edərək, siyasi nöqteyi-nəzərdən konfransın ölkəmizdə keçirilməsinin beynəlxalq münasibətlər sistemində məhz Azərbaycanın rolunun daha da inkişafına və onun yerinin güclənməsinə töhvə verəcəyini vurğulayıblar. Tədbirin ölkəmizdə keçirilməsinin əsas səbəblərindən biri kimi qlobal problemlərin həllində məsuliyyətli olmağımızı bildiriblər.
Beynəlxalq miqyaslı tədirin ölkəmizdə keçirilməsini ilk növbədə Azərbaycanın sabit, təhlükəsiz ölkə olması ilə əlaqələndiriblər.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.