A

MDB Parlament Assambleyasının Monitorinq üzrə Beynəlxalq İnstitutunun Bakı filialının təşkilatçılığı ilə “Heydər Əliyev – Suveren Azərbaycan Konstitusionalizminin Banisi” adlı beynəlxalq konfrans keçirilib.

Tədbirdə MDB-yə üzv ölkələrin səfirləri və digər diplomatik korpus nümayəndələri, millət vəkilləri, konstitusiya hüququ üzrə ixtisaslaşmış dövlət qurumlarının təmsilçiləri, ali təhsil müəssisələrinin rəhbər heyəti, ictimai təşkilatlar və beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Konfransa UNEC Rus İqtisad Məktəbinin direktor müavini Anar Eyyubov və UNEC RİM-in I kurs tələbəsi Mürşüdli Riyad dəvət olunublar. Tədbirin plenar hissəsində konstitusional inkişaf, dövlətçilik ənənələri və Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasındakı rolu geniş müzakirə edilib.

Konfransın sonunda siyasi sistemlər mövzusunda keçirilən onlayn olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimi baş tutub. Qaliblər sırasında UNEC RİM tələbəsi Mürşüdli Riyad da yer alıb və o, olimpiadada 3-cü fəxri yerə layiq görülüb. Riyada təşkilatçılar tərəfindən hədiyyələr və diplom təqdim edilib.

Həmçinin olimpiadanın keçirilməsində və tələbələrin bu prosesdə iştirakının dəstəklənməsində göstərdiyi davamlı yardıma görə UNEC adından Anar Eyyubova təşəkkürnamə təqdim olunub.

UNEC rəhbərliyi tələbələrin akademik və intellektual fəaliyyətlərini dəstəkləməyə davam edir və bu kimi beynəlxalq tədbirlərdə iştirakın onların gələcək inkişafına mühüm töhfə verəcəyini vurğulayır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay