Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Kitabxana 2.0: innovativ xidmətlər və proqram təminatı. Web 2.0 texnologiyalarının kitabxana mühitinə tətbiqi” mövzusunda infosessiya keçirilib.
Tədbirdə UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d. Adilə Abdullayeva, Əsaslı kitabxanasının müdiri Yusif Musayev, 24/7 kitabxananın müdiri Arzu Məmmədova, Kataloqlaşdırma, kitabişləmə və biblioqrafiya şöbəsinin müdiri Sədaqət Əhmədli iştirak ediblər.
“Akademik kitabxanalarda süni intellekt alətlərinin tətbiqi” adlı təqdimatda A.Abdullayeva kitabxanalarda süni intellektin tətbiqi ilə yaradılan yeni xidmətlər, bu xidmətlərin əsas üstünlükləri, inkluziv təhsilin təşkilində mühüm rol oynayan səsli e-kitabxanalar, kitabxanaçıların qarşılaşdığı çətinliklər, həmçinin süni intellekt alətlərindən istifadənin etik və hüquqi aspektləri barədə iştirakçılara ətraflı məlumat verib.
İnfosessiyanın əsas məqsədi müasir dövrdə kitabxanaların rəqəmsallaşdırılması, innovativ xidmət modellərinin tətbiqi, elektron idarəetmə sistemlərinin tanıdılması, eləcə də kitabxanalar arasında təcrübə mübadiləsinin, bilik paylaşımının və süni intellekt alətlərinin tətbiqinin gücləndirilməsi olub.