Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi fəaliyyətin təşkili və beynəlxalq elmi nəşr imkanlarının genişləndirilməsi məqsədilə təlim təşkil olunub.
Təlim UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri, siyasi alim, i.f.d. Nərgiz Hacıyeva tərəfindən keçirilib.
“Elsevier platformasında mövcud olan ödənişsiz istifadə imkanları və bu imkanlardan səmərəli yararlanma üsulları” mövzusunda baş tutan təlimdə UNEC-in 65 akademik və inzibati əməkdaşı iştirak edib. Təlim çərçivəsində Elsevier nəşriyyatının təqdim etdiyi imkanlar, abunə əsaslı ödənişsiz jurnallarda nəşr perspektivləri, müəlliflər üçün mövcud waiver və endirim mexanizmləri, həmçinin Q1 və A kateqoriyalı jurnalların düzgün seçilməsi meyarları ətraflı izah olunub.
Eyni zamanda Wiley və Springer Nature bazalarında yer alan jurnallarda ödənişsiz nəşr imkanları, açıq elm siyasətləri və müəllif hüquqları məsələlərinə də toxunulub. Praktiki hissədə Boolean axtarış metodundan istifadə, jurnal seçimi, altmetrik göstəricilərin təhlili, elmi təsir dərəcəsinin qiymətləndirilməsi, eləcə də cover letter və digər müşayiətedici sənədlərin düzgün tərtibatı nümunələr əsasında izah edilib.
Təlim zamanı xüsusilə vurğulanıb ki, Elsevier jurnallarında “desk rejection” riskinin azaldılması üçün jurnalın son 3–5 il ərzində dərc etdiyi məqalələrin metodoloji və tematik uyğunluğunun əvvəlcədən təhlili mühüm əhəmiyyət daşıyır. Həmçinin “Journal Insights” və “Match Your Manuscript” alətlərindən səmərəli istifadənin məqalənin qəbul ehtimalını artırdığı qeyd edilib.
Təlimin davamında Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d. Adilə Abdullayeva UNEC-in abunə olduğu beynəlxalq elmi bazalar və elmmetrik alətlər barədə məlumat verib. O, EBSCO, ProQuest, Clarivate və Elsevier platformaları ilə yanaşı, Elm və Təhsil Nazirliyi ilə Cambridge University Press arasında əldə edilmiş razılaşmaya əsasən UNEC müəlliflərinin növbəti 3 il ərzində 422 yüksək impakt faktorlu açıq və hibrid jurnalda ödənişsiz nəşr imkanına malik olduğunu diqqətə çatdırıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təlim interaktiv müzakirələrlə yadda qalıb. Qeyd olunub ki, bu cür təlimlər UNEC-də elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə və beynəlxalq nəşr imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.