A

UNEC KİM 24/7 Kitabxanası “KİTABIM” adlı yeni layihə-podkasta start verib.

Layihənin əsas məqsədi tanınmış yazıçı və şairlər, gənc yazarlar, eləcə də kitabsevərlərlə maraqlı və məzmunlu kitab müzakirələri aparmaq, mütaliə mədəniyyətinin təşviqinə töhfə vermək və zövqlü oxucu auditoriyasının formalaşmasına dəstək olmaqdır.

“KİTABIM” layihəsinin ilk buraxılışının qonağı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Qızıl qələm” media mükafatı laureatı, 20 Yanvar faciəsinə həsr olunmuş silsilə kitabların müəllifi, şair-publisist və gəmi kapitanı Faiq Balabəyli olub.

20 Yanvar faciəsi ərəfəsində ərsəyə gələn ilk buraxılış Faiq Balabəylinin “Bakı buxtası – 20 Yanvar” kitabına həsr olunub. UNEC KİM-in direktoru, tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayeva və UNEC KİM 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova qonağa, UNEC kitabxanalarının fəaliyyəti, müasir tələblərə cavab verən infrastrukturu, davamlı yenilənən xidmətləri, zəngin kitab və elektron resursları, həmçinin həyata keçirilən layihələr barədə ətraflı məlumat veriblər.

Faiq Balabəyli 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Sovet qoşunlarının Bakı şəhərində dinc əhaliyə qarşı törətdiyi qətliamın canlı şahidi kimi xatirələrini bölüşüb. Müəllif bildirib ki, “Bakı buxtası – 20 Yanvar” kitabında 20 Yanvar hadisələrinin iştirakçılarının xatirələri, ziyalıların qəhrəman dənizçilərin şücaətinə dair fikirləri və həmin dövrdə qəbul edilmiş taleyüklü qərarlar öz əksini tapıb. Kitab tarixi həqiqətlərin qorunması, milli yaddaşın möhkəmləndirilməsi və gənc nəsildə vətənpərvərlik ruhunun aşılanması baxımından mühüm əhəmiyyət daşıyır.

Görüş zamanı Faiq Balabəyli müəllifi olduğu “Bakı buxtası – 20 Yanvar”, “Sən Vətənə bənzəyirsən”, “Bir ovuc kədər”, “Yağışdan sonra”, “Gəmilərin təhlükəsiz idarəedilməsi”, “Dənizçi həyatı”, “Bu ömür yaman tələsir” və “Onlar Qəhrəmandırlar!” kitablarını UNEC KİM 24/7 Kitabxanasına hədiyyə edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay