UNEC-in 4 saylı kitabxanası “Biznesə dair resurs tövsiyələri” adlı yeni layihəyə start verib. Layihənin əsas məqsədi Azərbaycan biznesinə dair seçilmiş nəşr nümunələrini təqdim etmək, təhsilalanların bu sahədə biliklərini artırmaq və onları faydalı resurslarla tanış etməkdir. Qeyd edək ki, bu mövzuda kitabxananın həm ənənəvi, həm də elektron resursları yerli və xarici nəşriyyatlarda nəşr edilməklə oxucuların istifadəsindədir.
Bugünki təqdimatımızda Azərbaycan biznesinə dair Azərbaycan dilində 5 kitab haqqında məlumat verəcəyik. Kitabxanamızın fondunda yer alan - “Biznesin investisiya startegiyası”, “Birgə Kod - Azərbaycan Biznes Mədəniyyəti”, “Biznesin əsasları”, “Biznesin təşkili və idarə edilməsi”, “Maliyyə və biznes menecmenti” adlı kitabları təqdim edirik.
- Azərbaycan Biznes Mədəniyyəti,-Bakı, “AVE Print”, 2025
“Azərbaycan Biznes Mədəniyyəti” kitabının məqsədi Azərbaycanın milli-mənəvi dəyərlərinə və ənənələlərinə əsaslanan fundamental kompetensiyaları inkişaf etdirməklə gəncləri iş dünyasına hazırlamaqdır. Kitab yalnız bir biznes təlimi deyil, eyni zamanda, Azərbaycanın müasir və gələcək inkişafı üçün əhəmiyyətli bir çağırışdır.
- Elnur Hacıyev, Murad Bədirov Maliyyə və biznes menecmenti, Bakı, “İqtisad Universiteti”, 2021
Kitabda maliyyə və biznes menecmentinin məqsəd və vəzifələri, iqtisadi proseslərdə onların yeri və önəmi qeyd edilmişdir. Burada biznes tipləri səviyyəsində maliyyənin idarə edilməsinin əsas məsələləri, xüsusilə şirkətin əmlakı və kapitalından istifadənin səmərəliliyi, dövriyyə vəsaitlərinin və kreditor borclannın idarə edilməsi, maliyyə resurslarının zamana görə dəyəri, müəssisənin investisiya fəaliyyətinin idarə edilməsi, maliyyə risklərinin hesablanması və onların idarəedilməsi modelləri şərh edilir.
- Alıcan Abbasov, Sərvər Abbasov Biznesin əsasları,- Bakı , “Elm və təhsil”, 2017
Kitabda biznesin iqtisadi mahiyyəti, növləri, xarici və daxili mühiti, infrastrukturu, təşkilati-hüquqi formaları, konsepsiyaları, işgüzar fəallıq strategiyası və maliyyələşdirilməsi; biznesdə risklər, tərəfdaşlıq əlaqələri, rəqabət və işgüzar reputasiya mövzuları Azərbaycanın statistik göstəricilərindən istifadə etməklə və müasir dövlət təhsil standartlarının tələbləri nəzərə alınmaqla ətraflı şərh edilmişdir.
- Əzizağa İmanov Biznesin investisiya strategiyası.- Bakı, “Təhsil işçisi”, 2014
Dərslikdə Azərbaycan Respublikasında biznesin investisiya stratgeiyasının iqtisadi və sosial səmərəliliyi, biznesdə investisiyaların səmərəliliyinin qiymətləndirilməsinin metodikası, Azərbaycan Respublikasında neft gəlirləri, onun sosial səmərəliliyi və biznesdə pul-kredit siyasəti haqqında bəhs olunur.
- Alıcan Abbasov, Biznesin təşkili və idarə edilməsi, Bakı, “İqtisad Universiteti”, 2011
"Biznes inzibatçılığı" kafedrasının müdiri i.e.d. prof., əməkdar müəllim Alıcan Abbasovun bilavasitə iştirakı və ümumi elmi redaktəsi ilə kafedranın əməkdaşları tərəfindən hazırlanmışdır. Dərslikdə biznes mədəniyyətinin mahiyyəti və əhəmiyyəti, müştərək biznesin müasir vəziyyəti və perspektivləri, biznesin restrukturizasiyası prosesinin tənzimlənməsi, biznesin inkişafında xüsusi iqtisadi zonaların rolu haqqında bəhs olunur.
Qeyd edək ki, təqdim olunan kitabların bir qismi UNEC KİM-in elektron kitabxanasında (https://library.unec.edu.az/) oxucular üçün əlçatandır.