UNEC İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun 10 illik yubileyi münasibətilə ilk tədbir keçirilib.
Tədbirdə UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev İAETİ-nin əməkdaşlarını yubiley münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Prorektor institutun fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən və “UNEC-100 İnkişaf Strategiya”sı çərçivəsində qarşısında duran vəzifələrdən danışıb.
İAETİ-nin direktoru, professor Yadulla Həsənli bildirib ki, tədbir institutun 10 illik yubileyi ilə əlaqədar universitetin rektoru, professor Ədalət Muradovun imzaladığı Tədbirlər Planına əsasən təşkil olunub. Prof.Y.Həsənli yubileylə bağlı silsilə tədbirlərin keçiriləcəyinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Sonra İAETİ-nin Qeyri-neft sektorunun inkişafı şöbəsinin müdiri, dosent Murad Bağırzadə “Verilənlər elmi: son onilliyin radikal yenilikləri (təlim və tədqiqatlarda necə tətbiq etməli?)” mövzusunda açıq dərs keçib. M.Bağırzadə yeni sahə kimi “Data Science” elminin əsas anlayışlarından danışıb (Big Data, Deep Learning, Artifical İntelligence, Pyton, SPSS, Stata). Həmçinin elmi tədqiqatlarda və tədrisdə onun tətbiqi perspektivlərini açıqlayıb.
UNEC-in professor-müəllim heyəti və mütəxəssislər, doktorant və magistrlərin qatıldığı açıq dərsdə Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini B.Əhmədov, AMEA-nın “Elm və təhsil” Baş İdarəsinin rəisi F.Kazımov, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar ETİ-nin əməkdaşları da iştirak ediblər.
Məruzənin yekununda müzakirələr aparılıb. İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev sahə üzrə yeni mütəxəssislərin hazırlanması üçün İAETİ ilə əməkdaşlıq etmək təklifi irəli sürüb. UNEC “Biznesin inkişafı” Mərkəzinin Direktoru Asəf Əsədov isə intellektual texnologiyaların ölkənin vergi sistemində tətbiqi perspektivindən danışaraq, İAETİ-nin mütəxəssislərini bu istiqamətdə əməkdaşlığa dəvət edib.