A

UNEC Qadınlar Şurası, "Mühəndislik və tətbiqi elmlər" kafedrası, "Rəqəmsal iqtisadiyyat" fakültəsi və UNEC Dizayn Məktəbinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunan “Əsrə bərabər örnək ömür yolu” adlı seminar-tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Rəqəmsal iqtisadiyyat fakültəsinin dekan vəzifəsini icra edən dos.Elman Cəfərov Azərbaycan tibb elmində silinməz iz qoymuş akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, Azərbaycan və dünya oftalmologiya elminə verdiyi böyük töhfələrdən danışıb.

UNEC Qadınlar Şurasının sədri, dosent Təranə Kərimova oftalmologiya elminin tanınmış simalarından olan akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli, zəngin həyat yolundan söz açıb, onun tədqiqatçı, alim, həkim və ana kimi şərəfli bir ömür yolunu özündə cəmlədiyini diqqətə çatdırıb. Qaranlıq, ümidsiz dünyalara şəfa verən Zərifə xanımın qəlb dünyasının işığı və elmi zəkası ilə böyük işlərə imza atdığını bildirib. Onun keçdiyi zəngin həyat yolunun hər bir Azərbaycan vətəndaşı üçün həyat, mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu diqqətə çatdırıb.

Tədbirdə "Mühəndislik və tətbiqi elmlər" kafedrasının dosenti Svetlana Abdullayeva “Zəngin həyat yolu ilə zirvələrə yüksələn ömür”, baş müəllim Zənurə Əliyeva “Zərifə Əliyeva ictimai xadim kimi”, tex.f.d. Könül Rəhimova “Zərifə xanım nadir, unikal bir xanım kimi”, dosent Gülnisə Abbasbəyli “Nurlu ömür salnaməsi” adlı məruzələrlə çıxış ediblər.

"Dizayn" kafedrasının müəllimi Əli Əliyev “Heydər Əliyev fenomeni” adlı məruzəsində ulu öndərin irəli sürdüyü milli ideya - dünyanın hər yerində yaşayan azərbaycanlıları və Azərbaycana bağlı insanları bir məqsəd - müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi və inkişafına xidmət etmək ətrafında birləşdirə bildiyini qeyd edib.

Sonra UNEC Dizayn məktəbinin direktoru dosent Lalə Məmmədova, Mühəndislik fakültəsinin dekan vəzifəsini icra edən dos.Elçin Səmədov, "Mühəndislik və tətbiqi elmlər" kafedrasının müdiri professor Rövnəq Rzayev, "Dizayn" kafedrasının müdiri dos.Elfanə Qasımova Zərifə xanım Əliyevanın mənalı və zəngin həyat yolundan danışıblar onun bir alim və ana kimi fədakar ömür yolunun gələcək nəsillər üçün örnək olduğunu vurğulayıblar.

Tədbirdə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay