A

UNEC-in Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d. Adilə Abdullayeva Hollandiyanın Roterdam şəhərində keçirilən İFLA WLIC 2023- 88-ci Ümumdünya Kitabxana və İnformasiya Konqresində iştirak edib. 

İFLA-2023 - Ümumdünya Kitabxana və İnformasiya Konqresi dünyanın hər yerindən 2000-dən çox kitabxana-informasiya mütəxəssisinin iştirak etdiyi və smart kitabxanalar, yeni kitabxana xidmətləri, innovasiyalı texnologiyalar, kitabxana sahəsinin inkişafında yeni ideyalar üzrə beynəlxalq təcrübəni əks etdirən toplantıdır. Azərbaycanı konqresdə UNEC-lə yanaşı, ADA Universitetinin və Prezident Kitabxanasının nümayəndələri təmsil edib. 

Niderland krallığının şahzadəsi Laurenti, təhsil, mədəniyyət və elm naziri Robbert Dijkgraaf, Mədəniyyət və Media üzrə Dövlət Katibi Günay Uslu, İFLA-nın prezidenti Barbara Lison və digər rəsmilər çıxış edərək tədbirə qatılan 3000-dən çox dünya kitabxanaçılarını salamlayıblar. Çıxış edənlər “Let's work together. Let’s library” şüarını önə çəkərək, iştirakçıları dayanıqlı və davamlı inkişaf üçün kitabxanaların gələcək hədəfləri istiqamətində maraqlı ideyaları birgə müzakirə etməyə və əməkdaşlıqları genişləndirməyə çağırıblar.

Konqresin panellərində dünya kitabxana işi sahəsinin aktual problemlərinin həlli  yolları, kitabxanalararası əməkdaşlıqlar, ChatGpt-nin akademik kitabxanaların fəaliyyətinə təsiri, kitabxanalarda ChatGPT dövründə tənqidi düşüncəni inkişaf etdirmək üçün strategiyalar,  resursların kitabxana ictimaiyyəti arasında asan mübadiləsi və kitabxanalarda davamlı inkişaf modeli, virtual kitabxana modelinin və rəqəmsal arxivlərin qurulması barədə müzakirələr aparılıb. Bununla yanaşı, müxtəlif sərgi salonlarında İFLA WLIC 2023 posterinin nümayişi, eləcə də kitabxana, nəşriyyat və informasiya texnologiyaları sahəsində ən son yenilikləri paylaşmaq üçün beynəlxalq şirkət, vendor və  ayrı-ayrı nəşriyyatların təcrübə mübadiləsi reallaşdırılıb.

Konqres çərçivəsində UNEC KİM-in direktoru Adilə Abdullayeva  Rotterdamın, Amsterdamın, Brüsellin bir sıra kitabxanalarında olub. İFLA WLIC Ümumdünya Kitabxana və İnformasiya Konqresinin gələn il Dubayda keçirilməsi nəzərdə tutulub.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay