“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı” çərçivəsində keçirilən “Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinin qalibləri və yarışın təşkilat komitəsinin üzvləri Türkiyənin aparıcı universitetlərində olublar.
“Kapital Bank”ın maliyyə dəstəyi ilə baş tutan səfərin məqsədi Türkiyənin aparıcı universitetlərinin startap və texnopark təcrübəsini öyrənmək olub. UNEC-in Karyera Mərkəzinin direktoru Fuad Əliyev, İnnovativ Biznes İnkubatorun direktoru Mircavid Həsənov və qaliblər Eşqin Cəfərov, Elçin Süleymanov, Toğrul Mirzəyev İstanbul Texniki Universiteti (İTU) və Yıldız Texniki Univerisitetinin (YTU) texnopark və biznes inkubatorları ilə tanış olublar.
İstanbul Texniki Universitetində UNEC-in nümayəndə heyətinə texnoparkın fəaliyyəti, startapları və həyata keçirdikləri layihələr haqqında ətraflı məlumat verilib, həmçinin yeni startap məhsulları və xidmətlər nümayiş olunub. Görüşdə texnoparklarla beynəlxalq təşkilatların üzvlük məsələləri də müzakirə edilib.
UNEC nümayəndələri səfərin ikinci günü Türkiyənin zəngin təcrübəyə və ən böyük texnoparkına sahib olan Yıldız Texnik Universitetində olublar. M.Həsənov onlara UNEC-in İnnovativ Biznes İnkubatoru, startaplar və “Made in Azerbaijan” biznes ideya müsabiqəsi barədə məlumat verib. Sonra UNEC-in tələbələri texnoparkın rəhbərliyi qarşısında qalib olduqları layihə ilə bağlı təqdimatla çıxış ediblər.
Görüş zamanı YTU-nun nümayəndələri biznes yarışlar, startaplar və ən son yeniliklər barədə danışılar. Sonra ziyarətçilər universitetin Davutpaşa tədris binasında fəaliyyət göstərən texnopark, startap və müasir texnologiyalarla təchiz edilən emalatxanalara baxış keçiriblər. YTU-nun Biznes İnkubatorunda Medron Texnoloji şirkətinin məhsulları və layihələri ilə tanış olublar.
Səfər çərçivəsində UNEC İnnovativ Biznes İnkubatoru ilə İTU və YTU Texnoparkları arasında əməkdaşlıq məsələləri müzakirə olunub, birgə seminar, təlim və layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsinə dair razılıqlar əldə edilib.
Qeyd edək ki, “Made in Azerbaijan-3” biznes ideya müsabiqəsi Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilib.