UNEC-in nümayəndə heyəti Alman Akademik Mübadilə Xidmətinin (DAAD) maliyyələşdirdiyi “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsi çərçivəsində Siegen Unversitetində olublar.
UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov Siegen Universitetinin kafedra müdiri, layihə rəhbəri professor Petra Moogla görüşüb. Görüşdə DAAD layihəsinin əhəmiyyəti vurğulanıb, hər iki universitet arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətindəki rolu yüksək qiymətləndirilib. Gələcəkdə beynəlxalq layihələrdə birgə iştirak etmək imkanları barədə fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin UNEC ilə Siegen Universiteti arasında akademik infrastrukturun təkmilləşdirilməsi və inkişafı, müəllim və tələbə mübadiləsi, ikili diplomların təşkili, birgə elmi tədqiqatların aparılması, həmçinin tələbəyönümlü sosial layihələrin reallaşdırılması, yay və qış məktəblərinin təşkili istiqamətində müzakirələr aparılıb. Eyni zamanda, prorektor Şaiq Əsgərov Azərbaycan-Almaniya arasında dostluq münasibətlərindən və Azərbaycan Prezidentinin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında imzaladığı Sərəncamdan söz açıb. Prorektor hər iki ölkə arasında qədim tarixi əlaqələrin olduğunu vurğulayaq, bu münasibətlərin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. Görüşdə professor Petra Mooga “Qız qalası”nın neftlə çəkilmiş rəsmi xatirə hədiyyəsi olaraq təqdim edilib.
Səfər çərçivəsində Siegen Universitetində regionun ən böyük iqtisadyönümlü universiteti olan UNEC barədə təqdimat keçirilib. Təqdimatda UNEC-in ikili diplom, mübadilə proqramları, əcnəbi tələbələrin qəbulu, İnklüziv təhsil mərkəzi, 24/7 kitabxana və UNEC Ekstern barədə ətraflı məlumat verilib.