A

UNEC-in tədris üzrə prorektoru dosent Gəray Musayev, Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov, Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov, UNEC Dizayn Məktəbinin direktoru dosent Lalə Məmmədova və Keyfiyyət təminatı şöbəsinin müdiri Hüseyn Həsənovdan ibarət UNEC işçi qrupu müxtəlif sahələrdə təcrübələrinin araşdırılması məqsədilə akademik səfər proqramı çərçivəsində Türkiyə Respublikasının nüfuzlu Yaxın Şərq Texniki Universitetində (ODTÜ) ezamiyyətdə olublar.

Akademik ezamiyyətin birinci günü işçi qrupu təhsil, tədqiqat və tətbiq üçbucağında öz fəaliyyətini həyata keçirən ODTÜ Dizayn fabrikinin təcrübəsi ilə tanış olub, Mühəndislik fakültəsinin müəyyən ixtisas proqramları üzrə magistratura səviyyəsində ikili diplom proqramlarının tətbiqinin mümkünlüyü və bakalavr səviyyəsində təhsil alan UNEC tələbələrinin müəyyən fənləri ODTÜ-də dinləmələri barədə fikir mübadiləsi aparıb, Sənaye məhsulları dizayn kafedrasında tədrisin təşkili ilə yaxından tanışlıq olub.

Proqramın ikinci günündə isə işçi qrupu UZEM (Distant təhsil mərkəzi), Keyfiyyətin idarə olunması və Akreditasiya, ODTÜ Tədqiqatlar koordinatorluğu tərəfindən həyata keçirilən fəaliyyətlərlə yaxından tanış olub, İnformasiya və əməliyyatlar mərkəzində (Computer Center) işin təşkili və professor Kürşat Çağıltay tərəfindən əsası qoyulan Təhsil texnologiyaları laboratoriyasında aparılan tətbiq yönümlü tədqiqatlarla əyani tanış olublar.

Akademik səfər çərçivəsində UNEC nümayəndə heyətinin ODTÜ rektoru professor Mustafa Verşan Kök ilə görüşü baş tutub. Görüşdə magistratura səviyyəsində mühəndislik ixtisaslarında ikili diplomların tətbiqi və bakalavr səviyyəsində UNEC tələbələrinin ODTÜ-də müəyyən fənləri dinləməsi barədə təşəbbüslərin reallaşdırılması, distant təhsil, keyfiyyətin idarə olunması və akreditasiya, gənc müəllimlərin tədris prosesinə və akademik mühitə orientasiyasının təşkili sahələrində ODTÜ təcrübəsinin UNEC-də tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb və UNEC ilə ODTÜ arasında qeyd olunan sahələrdə əməkdaşlığın qurulması barədə ilkin razılıq əldə edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay