A

AZƏRTAC

İşğaldan azad olunan ərazilərin Azərbaycan iqtisadiyyatına təkrar inteqrasiya edilməsi ölkəmizin iqtisadi potensialının reallaşdırılması baxımından olduqca mühümdür.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadçı ekspert Elşad Məmmədov deyib.

Ekspert bildirib: “Azərbaycan iqtisadiyyatının imkanları real coğrafi imkanlarla müqayisədə xeyli dərəcədə çoxdur və bu ərazilərin təbii, əmək, intellektual resurslar potensialı ilə orada yaradılacaq səmərə sistemlərinin potensialı Azərbaycan iqtisadiyyatının rəqabətlilik qabiliyyətinin xeyli dərəcədə gücləndirilməsinə şərait yaradacaq. Hesab edirəm ki, Prezident İlham Əliyevin son səfəri zamanı mühüm iqtisadi obyektlərin təməlini qoyması, həmin ərazilərdə qabaqlayıcı sosial-iqtisadi inkişafın təməlinin qoyulması kimi dəyərləndirilməlidir. Həmin ərazidə dağ-mədən, emal, eyni zamanda, aqrar sənaye komplekslərinin yaradılması ilə bağlı böyük perspektivlər var”.

E.Məmmədov qeyd edib ki, hava nəqliyyatı infrastrukturunun yaradılması, hava limanlarının tikintisinin reallaşdırılması iqtisadi fəallığa təkan verməlidir. Azərbaycanın idxaldan asılılığının azaldılması üçün azad olunmuş ərazilərin potensialından səmərəli istifadə edilməlidir.

“Regionda formalaşan yeni reallıqlar çərçivəsində həmin bölgənin ixrac potensialının da istifadəsinə böyük ehtiyac var. Diqqətə çatdırım ki, bölgədəki həm ixrac, həm də daxili bazara istiqamətlənmiş istehsal potensialı qeyri-neft və qeyri-xammal sektoru ilə bağlıdır. Məhz bu istiqamətin inkişafı ölkə üçün prioritet olmalıdır”, - deyə ekspert vurğulayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay