Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Diasporla İş Üzrə Dövlət Komitəsinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə Əməkdar elm xadimi, Almaniyanın Münhen Texniki Universitetinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyevin 70 illik yubileyi münasibətilə “Biologiya, ekologiya, fizika və mexanikada qeyri-xətti təzahür” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbir iştirakçıları öncə Fəxri Xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək, önünə əklil və gül dəstələri qoyublar, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
UNEC-də təşkil olunan konfransın açılışında elm və təhsil naziri Emin Əmrullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, UNEC-in rektoru professor Ədalət Muradov, dövlət qurumlarının rəhbərləri, rektorlar, həmçinin dünyanın müxtəlif ölkələrindən olan alimlər və yubilyarın dostları iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən UNEC rektoru professor Ədalət Muradov iştirakçıları salamlayaraq, dünya şöhrətli azərbaycanlı alim Məsud Əfəndiyevin 70 illik yubileyinin UNEC-də qeyd olunmasını əlamətdar hadisə adlandırıb. Vətənini, xalqını sevən alimin onu tanıyanların qəlbində xüsusi yeri olduğunu, hər bir azərbaycanlının Məsud müəllimin riyaziyyat sahəsinə verdiyi töhfələr və əldə etdiyi uğurlarla qürur duyduğunu deyib.
Elm və təhsil naziri Emin Əmrullayev Məsud Əfəndiyevi 70 illik yubileyi münasibətilə təbrik edərək, uğurlarının davamlı olmasını diləyib. Alimin yubileyini doğma vətənində keçirməsinin əhəmiyyətini vurgulayan nazir, bu addımın gənc nəslə vətənpərvərlik hissinin aşılanması baxımından önəmli olduğunu qeyd edib.
Diaspora Komitəsinin sədri Fuad Muradov professor Məsud Əfəndiyevin uzun illər Almaniyada yaşamasına baxmayaraq, daima vətəninin, xalqının inkişafı üçün çalışdığını diqqətə çatdırıb. Alimin Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə Əməkdar elm xadimi fəxri adı ilə təltif edilməsinin bunun ən bariz nümunələrindən olduğunu vurğulayıb. Alimin elmi fəaliyyətindən söz açan komitə sədri, onun riyaziyyat elmində əldə etdiyi uğurlarından da danışıb.
Konfrans Kanadanın Fields İnstitutunun direktoru, prof.dr.Xumar Murtunun, Gürcüstanın keçmiş elm və təhsil naziri prof.Mixail Çxenkelinin, Toronto Beynəlxalq Biznes Universitetinin rektoru prof. Feridun Hamdullahpurun, tədbirə onlayn qoşulan kimya üzrə Nobel mükafatı laureatı Ariel Varshelin, professor Roald Saqdeyevin, Alexander von Humboldt Fondunun Sponsorluq və Şəbəkə Departamentinin rəhbəri Dr. Steffen Mehliçin çıxışları ilə davam edib. Çıxış edənlər alimin tədqiqat nailiyyətlərindən, onun riyaziyyatçılar cəmiyyətinə xidmətlərindən danışıblar. Prof.Məsud Əfəndiyevin dünyada “Dean`s Distinguished Professor” (Dekanın görkəmli professoru) statusunu daşıyan azsaylı riyaziyyatçı alimlərdən biri olduğunu, bu statusu Nobel mükafatı laureatları və öz sahələrində fundamental elmi nəticələr əldə etmiş dünya şöhrətli alimlərin daşıdıqlarını deyiblər. Dünya şöhrətli azərbaycanlı alimin eyni zamanda Kanadada fəaliyyət göstərən riyaziyyat elmləri sahəsində araşdırmalar üzrə Fields İnstitutunun ömürlük mükafatına layiq görüldüyünü diqqətə çatdırıblar.
Professor Məsud Əfəndiyev göstərilən diqqətə və ünvanına söylənilən xoş sözlərə görə çıxış edənlərə təşəkkürünü bildirib.
Konfrans oktyabrın 26-na kimi dünyanın müxtəlif ölkələrinin alimlərinin iştirakı ilə elmin müxtəlif sahələri üzrə panel müzakirələrlə davam edəcək.