Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və videoçarx nümayiş olunub.
UNEC-in Zaqatala filialının direktoru dosent Raqif Qasımov çıxış edərək, 20 Yanvar faciəsinin tarixi və milli yaddaşımızdakı rolundan bəhs edib. O, Ulu Öndər Heydər Əliyevin 20 Yanvar faciəsinə verdiyi siyasi qiyməti xüsusi vurğulayaraq, həmin dövrdə Moskvada Azərbaycan xalqının haqq səsini ucaldaraq bu hadisələrə kəskin etiraz etdiyini qeyd edib. Raqif Qasımov, həmçinin, Ümummilli Liderin bu cəsarətli addımının Azərbaycan tarixində xüsusi əhəmiyyət kəsb etdiyini və milli birliyimizin təməl sütunlarından biri olduğunu vurğulayıb.
Tədbirdə UNEC-in Zaqatala filialının Texniki və Texnoloji bölməsinin rəhbəri dosent Səfər Raziyev, Elmi fəaliyyətin təşkili və idarəedilməsi üzrə mütəxəssis, pedaqogika üzrə fəlsəfə doktoru Xəzangül Babayeva, İqtisadiyyat və İdarəetmə bölməsinin müəllimi Rəna Əliyeva, eləcə də Balakən Gənclər Evinin əməkdaşı Osman Əliyev 20 Yanvar faciəsinin yalnız hüznlü bir hadisə olmadığını, eyni zamanda, Azərbaycan xalqının iradəsinin sarsılmazlığını və müstəqillik uğrundakı əzmini göstərdiyini qeyd ediblər.