UNEC Elmi Fəaliyyətin Təşkili şöbəsi (EFTİED) tərəfindən universitet əməkdaşlarının beynəlxalq elmi şəbəkələrdə uğurlu təmsilçiliyinin artırılması məqsədi ilə tədbir keçirilib.
Sessiyanı Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri, i.f.d. Nərgiz Hacıyeva aparıb.
Proqramın əsas məqsədi UNEC-in professor-müəllim heyətinin və gənc tədqiqatçılarının beynəlxalq elmi platformalarda fəal iştirak imkanlarını genişləndirmək və onların uğurlu təmsilçilik bacarıqlarını inkişaf etdirmək olub.
Tədbirdə 50-yə yaxın professor-müəllim və gənc tədqiqatçı iştirak edib. Onlara beynəlxalq elmi konfranslarda iştirak strategiyaları, düzgün təqdimetmə mərhələləri, tələb olunan sənədlərin hazırlanması və yırtıcı (predatory) konfrans və jurnallardan yayınma yolları barədə ətraflı məlumat verilib.
Görüş zamanı elmi şəbəkələşmə strategiyaları, effektiv təqdimat bacarıqları və beynəlxalq konfranslarda uğurlu təmsilçilik üçün praktik yanaşmalar xüsusi vurğulanıb. İştirakçılara həmçinin beynəlxalq konfranslarda iştirakın elmi metriklər və qlobal tanınma baxımından əhəmiyyəti izah olunub, uğurlu təqdimat nümunələri və real təcrübələr paylaşılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.