UNEC-də “İslam iqtisadiyyatı, sosial ədalət və multikultural dəyərlər” mövzusunda elmi seminar keçirilib.
Biznes və menecment fakültəsi ilə Meybullayev İslam İqtisadiyyatı Mərkəzinin birgə təşkil etdiyi elmi seminarda fakültənin professor-müəllim heyəti ilə yanaşı, Mənəvi Dəyərlərin Təbliği Fondunun icra direktorunun müavini Ceyhun Əliyev, İlahiyyət İnstitutunun İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazov da iştirak ediblər.
Fakültə dekanı, dosent Mirağa Əhmədov seminarın mövzusunun aktuallığına diqqət çəkərək, ölkəmizin daim islami dəyərlərin qoruyub saxladığını və təbliğ etdiyini bildirib. Bu dəyərlərin təməlində tarix, adət-ənənələr, milli mentalitet, mədəniyyət və s. dayandığını vurğulayıb.
Ceyhun Əliyev İslam dinində iqtisadi münasibətlərin ədalət və dürüstlük prinsiplərindən bəhs edib. Dini-mənəvi dəyərlərin bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də qarşılıqlı hörmət və ehtirama çağırış etdiyini deyib.
İslam iqtisadiyyatının ictimaiyyətdə sosial ədaləti təmin etmə əsasında nizamlandığından danışan Əhməd Niyazov, bunun mərkəzində insan faktorunun dayandığını bildirib. “Biznesin idarə edilməsi” kafedrasının müəllimi Emilya Əhmədova “Qlobal islam iqtisadiyyatı” mövzusunda çıxış edərək, İslam iqtisadiyyatına artmaqda olan maraq və bu marağı şərtləndirən amilləri açıqlayıb.
Meybullayev İslam İqtisadiyyatı Mərkəzinin rəhbəri, dosent Sərvinaz Xanlarzadə islamın əsas məqsədinin yoxsulluğun aradan qaldırılması və insanların rifah səviyyəsini artırmaq olduğunu qeyd edib. İslam iqtisadiyyatında sosial ədalətin qorunması və bərpasının ən vacib cəhət kimi göstərildiyini diqqətə çatdırıb.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.