UNEC-də fəaliyyət göstərən Ekonofizika Tədqiqat Mərkəzinə üzvlərin seçilməsi məqsədilə görüş keçirilib.
Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin keçirdiyi görüşdə Ekonofizika Tədqiqat Mərkəzinin rəhbəri, UNEC İctimai Nəzarət Şurasının üzvü, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov namizədlərlə tanış olub və onlara yeni elm sahəsi olan ekonofizikanın tədqiqat obyektləri, məqsəd və predmeti barədə ətraflı məlumat verib. Mərkəz rəhbəri ölkənin inkişafına xidmət edən tədqiqatların aparılmasının vacibliyini və məhz bu səbəbdən Tədqiqat Mərkəzinə yeni beyinlərin cəlb olunması üçün bu görüşün keçirilməsinin əhəmiyyətini vurğulayıb. Professor Şahlar Əsgərov gənclərin bu sahəyə olan marağının artdığını və yaxın günlərdə UNEC-də “İqtisadiyyatın inkişafında energetikanın rolu (Ekonofizik baxış)” mövzusunda seminarın keçiriləcəyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Tədbirdə iştirak edən UNEC-in məzunu, Malayziya Milli Universitetinin tədqiqatçısı Səid Cəfərli ekonofizika elmi barədə apardığı araşdırmaları görüş iştirakçıları ilə bölüşüb və gəncləri maraqlandıran sualları cavablandırıb.