A

Elm aylığı çərçivəsində UNEC EFTİED-in Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzi və UNEC Empirik Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda təhsil və gəlir səviyyəsi arasındakı əlaqə” mövzusunda onlayn seminar keçirilib.

Seminarı giriş sözü ilə Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova açaraq, tədqiqat mərkəzlərinin fəaliyyəti barədə məlumat iştirakçılara verib.

Seminarda Bilik İqtisadiyyatı UNEC Tədqiqat mərkəzinin rəhbəri dos. Altay İsmayılov təhsilin fərdlərin həyatında və ölkə iqtisadiyyatındakı rolu, təhsilə olan investisiyaların əhəmiyyəti, təhsil və gəlir səviyyəsi arasında əlaqənin nəzəri çərçivəsi, təhsilin ictimai və fərdi qazancları barədə məlumat verib, beynəlxalq təcrübənin əks olunduğu bir çox elmi tədqiqat işlərinin nəticələrini seminar iştirakçılarının nəzərinə çatdırıb. Məruzəçi öz təqdimatında həm də təhsilin fərdi qazanclarında cinsi mənsubiyyətə görə müxtəlifliyin (gender məsələsi) müzakirəsinə yer ayırıb. 

Seminarın ikinci hissəsində UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri Ph.D. Xətai Alıyev anonim sosial sorğulardan əldə olunan statistik məlumatlar əsasında Azərbaycanda hər təhsil pilləsinin fərdi qazanca necə təsir göstərdiyi və bu təsirin cinsi mənsubiyyətə görə necə dəyişdiyi barədə yerinə yetirilən tədqiqat işinin nəticələrini nəzərəçatdırıb. Əmək qabiliyyətli məşğul əhalidən 4548 nəfərlik (2617 kişi, 1931 qadın) nümunə qrup əsasında aparılan tədqiqat işi təhsil və gəlir səviyyəsi arasında əlaqənin müsbət olduğunu və ciddi gender probleminin mövcudluğunu Azərbaycan nümunəsində bir daha təsdiq edib. 

Seminarda təhsilə olan investisiyaların həm fərdi, həm də dövlət səviyyəsində artırılması, bakalavr sonrası mərhələlərin müsbət təsirlərini nəzərə alaraq magistratura və doktorantura təhsilinin cəlbediciliyinin artırılması üçün xüsusi dövlət proqramı hazırlanması və təqaüd proqramlarının genişləndirilməsi, idarəetmədə qadınların iştirak imkanlarının artırılması, xüsusilə körpə uşaqlı anaların sosial müdafiəsinin yüksəldilməsi, onların iş şərtlərinin bir qədər də yüngülləşdirilməsi istiqamətində təkliflər səsləndirilib. Eyni zamanda, təhsilin əlçatanlığının artırılması üçün ölkədə distant təhsil sisteminin texniki və hüquqi infrastrukturunun qurulub təsdiqlənməsinin vacibliyi təqdimatçılar və seminar iştirakçıları tərəfindən xüsusilə vurğulanıb.

Seminarda iştirak edən professor-müəllim heyəti, UNEC Tədqiqat Mərkəzlərinin üzvləri və tələbələrlə mövzu ətrafında maraqlı müzakirələr aparılıb və suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR