UNEC-in əməkdaşı, gənc doktorant və siyasi tədqiqatçı Nərgiz Hacıyeva İsveçrənin Sürix Universitetinin təşkilatçılığı ilə keçirilən “Avropanın geosiyasi gələcəyi” adlı beynəlxalq konfransda iştirak edib.
İsveçrə, Macarıstan, Almaniya, Rusiya, Ukrayna, Azərbaycan, Gürcüstan, Ermənistan və digər ölkələrin alimlərinin, siyasi tədqiqatçılarının iştirak etdiyi beynəlxalq konfrans İsveçrə Konfederasiyası Təhsil, Tədqiqat və İnnovasiyalar üzrə Dövlət Katibliyinin (SERI - Swiss State Secretariat for Education, Research and Innovation) maliyyələşdirmə qrantı (Seed Funding Grant) ilə təşkil olunub.
Konfransda Nərgiz Hacıyeva “Avropa İttifaqı və Qarabağ: Dəyişən qüvvələr balansı və yeni status-kvo” (The EU and Karabakh: Change in Balance of Power and New Status Quo) mövzusunda çıxış edib. O, Zəngəzur dəhlizinin Cənubi Qafqaz region üçün iqtisadi və geostrateji əhəmiyyətindən danışıb. Həmçinin Avropa İttifaqının İkinci Qarabağ müharibəsi dövründəki mövqeyndən söz açıb. O, Avropa İttifaqının Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müvafiq islahatların həyata keçirilməsində, eləcə də rayonların yenidən qurulması və inkişafı üçün fəaliyyət planının hazırlanmasında yaxından iştirak edə biləcəyini də qeyd edib.
N.Hacıyevanın Avropa İttifaqı və Qarabağ panelində çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Çıxışından sonra o, Cənubi Qafqazda geosiyasi vəziyyət, Zəngəzur koridorunun iqtisadi aspektləri və mövzu ilə bağlı digər suallarını cavablandırıb.