UNEC Xanım Tədqiqatçılar Şurası ilə Nazarbayev Universiteti Sahibkarlığın İnkişafı Mərkəzinin birgə elmi əməkdaşlığı çərçivəsində “Birlikdə hər şeyə sahibik: Azərbaycanın İcma əsaslı Turizm Sektorunda Qadın Sahibkarların rolu” adlı 50 nəfər xanım sahibkarın həyatını canlandıracaq ilk beynəlxalq elmi kitab layihəsinə start verilib.
Bu məqsədlə UNEC-in EFTID-nin Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, UNEC Xanım Tədqiqatçılar Şurasının sədri Nərgiz Hacıyeva və şöbənin böyük mütəxəssisi və tədqiqat heyətinin üzvü Ülviyyə Məmmədova, Nazarbayev Universitetinin Sahibkarlıq Tədqiqat mərkəzinin direktoru, Böyük Britaniyanın fəxri professoru Şumaila Yousafzai və direktor müavini, koordinator Nurluxan Aljanova Azərbaycanın regionlarında (Qəbələ, Şəki, İsmayıllı, Lahıc, Basqal,) müxtəlif sektorlarda çalışan (parça, toxuculuq, geyim, gözəllik salonu, sənətkarlıq, əl işi, şirniyyat, restoran) qadın sahibkarla görüşərək, onların sahibkarlıq yolundan və təcrübələrindən bəhs edən məlumatlar toplayırlar.
Antropoloji, etnoqrafik müşahidə və sahə tədqiqatına əsaslanan birgə elmi tədqiqat layihəsi Azərbaycanda bu sahəyə əsaslanan ilk kitab olacaq.
UNEC Xanım Tədqiqatçılar Şurası ilə Nazarbayev Universiteti Sahibkarlığın İnkişafı Mərkəzi arasında uğurlu elmi əməkdaşlıq bu kitabın ərsəyə gəlməsində mühüm rol oynayacaq.