Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana rəsmi səfəri çərçivəsində növbəti əməkdaşlıq görüşü keçirib. Bu dəfəki görüş Özbəkistan Milli Universiteti (ÖMU) ilə baş tutub.
ÖMU-nun rektoru, professor İnom Məcidov ilə UNEC nümayəndələri arasında əməkdaşlıqla bağlı geniş müzakirələr aparılıb. Görüşdə təhsil sektorunun müasir çağırışları, bu sahədəki uğurlu yanaşmalar, həmçinin, təhsil və elmin rəqəmsallaşması, müasir təhsil texnologiyalarının tətbiqi və beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Müzakirələrin yekunu olaraq, UNEC və ÖMU arasında elm və təhsil sahəsində yeni imkanların yaradılmasını və gələcəkdə daha sıx əməkdaşlıq imkanlarını özündə ehtiva edən anlaşma memorandumu imzalanıb. Memorandumda hər iki universitet arasında ikili diplom proqramının həyata keçirilməsi də nəzərdə tutulub.