Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Özbəkistanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq çərçivəsində ikili diplom proqramlarının təşkili və rəqəmsallaşma sahəsində UNEC təcrübəsinin mübadiləsi məqsədilə onlayn görüş keçirilib.
Görüşdə UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru i.f.d. Hüseyn Həsənov, UNEC-in Zaqatala filialının direktoru i.f.d. Raqif Qasımov, Beynəlxalq əməkdaşlıq departamentinin Strateji inkişaf şöbəsinin baş mütəxəssisi Bəhlul Əliyev, Özbəkistan Respublikası Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin nümayəndələri, Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutu, Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd Dövlət İqtisad Universiteti və Daşkənd Kimya-Texnologiya İnstitutunun nümayəndələri iştirak ediblər.
Görüş zamanı tərəflər arasında ikili diplom proqramlarının həyata keçirilməsi, ixtisaslar üzrə təhsil proqramlarının uyğunlaşdırılması, qarşılıqlı razılaşdırılmış əməkdaşlıq mexanizmlərinin formalaşdırılması və bu istiqamətdə texniki və akademik əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Bundan əlavə, qarşılıqlı görüşlərin və akademik müzakirələrin təşkili barədə razılıq əldə edilib. Görüş çərçivəsində UNEC-in rəqəmsallaşma sahəsindəki təcrübəsinin Özbəkistan ali təhsil müəssisələrində təqdimatı və bu istiqamətdə təlimlərin keçirilməsi də planlaşdırılıb.