Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Əməkdaşlıq Departamentinin Layihələrin idarə olunması şöbəsinin təşəbbüsü ilə Özbəkistan Respublikasının orta məktəb müəllimləri üçün intensiv təlim proqramına start verilib.
Proqramın məqsədi UNEC-in tanıdılması və müəllimlərin pedaqoji bacarıqlarının təkmilləşdirilməsidir.
Təlim proqramının ilk günündə UNEC-ə səfər edən 26 nəfərlik nümayəndə heyəti universitetin infrastrukturu ilə tanış olub. Daha sonra qonaqlar üçün məlumatlandırma və şəbəkələşmə sessiyası təşkil edilib, UNEC-in fəaliyyət istiqamətləri, beynəlxalq nailiyyətləri və təhsil imkanları barədə ətraflı məlumat verilib.
Şəbəkələşmə tədbirində Rus İqtisad Məktəbinin dekanı Mənsur Bərxudarov, dekan müavini Leyla Hacıyeva, UNEC Dizayn Məktəbinin dekanı Lalə Məmmədova, “Dizayn” kafedrasının müdiri Elfanə Qasımova, Maliyyə və mühasibatlıq fakültəsinin dekanı Hafis Hacıyev, Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) dekanı İnarə Rzayeva, Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı Elman Cəfərov, “İqtisadiyyat və İşlətmə” kafedrasının müdiri Nurhoca Akbulayev, Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Fuad Qasımov və Rəqəmsal Təhsil Mərkəzinin direktoru Kəminə Cəbrayılova çıxış edərək, UNEC-də təhsil mühitinin üstünlükləri və xarici tələbələr üçün təqdim olunan imkanlar barədə məlumat veriblər.
Görüşdən sonra Təhsil və Təlimin Mükəmməlliyi şöbəsinin müdiri Sənubər Səfiyeva “Müasir pedaqogika” mövzusunda interaktiv təlim keçib. Ardınca həmin şöbənin Tədris və Öyrənmə prosesləri üzrə bölmə rəhbəri Fidan Fətullayeva praktiki bacarıqların tətbiqi üçün workshop və qrup məşğələləri təşkil edib.
Beş gün davam edəcək proqram çərçivəsində müəllimlər müasir tədris metodikaları, təcrübə mübadiləsi və innovativ pedaqoji yanaşmalarla tanış olacaqlar.