A

AZƏRTAC

İqtisadi müşavirədə Prezidenti İlham Əliyevin kadrlarla bağlı verdiyi tapşırıqlar universitetlər qarşısında böyük öhdəlik qoyur.

Bu sözləri AZƏRTAC-a Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib.

O bildirib ki, ölkəmizdə islahatlar davam etdirilir. Azərbaycan iqtisadi islahatların aparıldığı ölkə kimi dünyada beynəlxalq maliyyə təşkilatları, beynəlxalq iqtisadi təşkilatlar tərəfindən qəbul olunur: “Şaxələndirmə sahəsində aparılan islahatlar nəticəsində qeyri-neft sektorunda 3 faizlik artım təmin edilib. Kənd təsərrüfatı və digər sahələrin göstəricilərində də müsbət nəticələr var. Həmçinin Azərbaycanın xarici borcunun da aşağı səviyyədə olması sevindirici haldır. Minimum pensiyaların artırılması sahəsində görülən tədbirlər, vergi sahəsində aparılan islahatlar öz nəticəsini verir”.

Z.Məmmədov qeyd edib ki, müşavirədə Prezident İlham Əliyevin qarşıya qoyduğu vacib tapşırıqlardan biri də aparılan islahatlara uyğun kadrların təminatı məsələsidir: “Bu, ən böyük çağırışlardan biridir. Aparılan islahatlara uyğun kadrların hazırlanmasında universitetlərin üzərinə böyük iş düşür. Dövlət uzun müddət beynəlxalq standartlara cavab verən kadrların hazırlığı ilə bağlı tələbələrin xarici ölkələrdə, ən böyük universitetlərdə təhsilinə şərait yaradıb. Bu gün bəzi hallarda həmin məzunların potensialından kifayət qədər istifadə edilmədiyinin şahidi oluruq. Universitetlərdə kadrlarla bağlı tapşırığın düzgün yerinə yetirilməsi üçün köklü islahatlara ehtiyac var. Müasir iqtisadiyyatı bilən savadlı, gənc kadrların işə cəlb edilməsi mühüm məsələdir və bu islahatları həyata keçirən insanlar universitetlərdə yetişir. Universitetlərdə köhnə, bugünkü əmək bazarının standartlarına cavab verməyən ixtisaslara yenidən baxılmalıdır. Hazırda universitetlərdə kadr hazırlığı təminatı ilə məşğul olanların bəziləri müasir dövrün çağırışlarına cavab vermir. Özü inkişaf etməyən, müasir dövrün rəqəmsal iqtisadiyyatına hazır olmayan, köhnə təfəkkürlü insan yeni təfəkkürlü, islahatlara uyğun adam yetişdirə bilməz”.

O əlavə edib ki, “Doing Business” hesabatında Azərbaycan islahatçı ölkələr sırasında ilk yerləri tutur. Yeni sahələr, rəqəmsal iqtisadiyyata uyğun yeni alt infrastrukturlar yaradılır. Bu sahələrdə çalışacaq kadrların təminatı ilə əlaqədar universitetlərin fəaliyyəti üzrə tədbirlər planı hazırlanmasına ehtiyac var. Müasir dövrün tələblərinə cavab verməyən kadrlar da dəyişdirilə bilər.

Bakı, 17 oktyabr, AZƏRTAC 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay