A

 Ölkə.az

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği artıb. Belə ki, ilin əvvəli ilə müqayisədə vaxtı keçmiş kreditlər 2,4% artaraq iyulun 1-nə 914,6 milyon manat təşkil edib.

Eləcə də, cari ilin iyunun 1-i ilə müayisədə də problemli kreditlər 0,85% artım nümayiş etdirib. Həmçinin iyun ayı üzrə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6% təşkil edib.

Mərkəzi Bank ötən ilin aprelində verdiyi pandemiya ilə bağlı sadə vətəndaşların, sahibkarların gecikdirdiyi kreditləri problemli kredit kimi tanımaması və cərimə hesablamaması ilə bağlı tövsiyəsininin müddətini 2021-ci il tarixinədək oktyabrın 1-nə qədər uzadıb. Lakin bu da problemli kreditlərin həcminin azalmasına kömək etməyib.

Onu da qeyd edək ki, artıq banklar cari ilin ilk yarımili üzrə maliyyə hesabatlarını açıqlayıb və 4 bank – “AccessBank” (2,024 mln manat), “Yapı Kredi Bank” (232 min manat), “Bank Avrasiya” (3,929 mln manat) və “Pakistan Milli Bankı” (115 min manat) ASC-lər yarımili zərərlə başa vurub. Bununla bərabər bəzi banklar mənfəətlə işləməyə başlasalar da, yığılmış zərərləri (“Yelo Bank” ASC - 315 mln manat zərər, “Unibank” ASC – 36,368 mln manat zərər, “Bank VTB” ASC – 251,964 mln manat zərər və s.) olduqca yüksək həddə olub.

Belə banklarda zərər adətən riskli aktivlərin yüksək olması və gəlirin bir hissəsinin ehtiyatlara ayrılması ilə bağlı olur. Bu da problemli kreditlər məsələsini gündəmə gətirir.

İqtisad elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı ekspert Altay İsmayılov Ölkə.az-a açıqlamasında bildirdi ki, problemli kreditlərin artmasına səbəb makroiqtisadi geriləmələrdir:

“Hazırda qlobal bazarda, dünya iqtisadiyyatında geriləmələr müşahidə olunur. Son bir neçə ildə Azərbaycan da bu qlobal geriləmədən nəsibini alıb. Əsas makroiqtisadi göstəricilərimiz, başda ÜDM olmaqla kiçilib. Bu, ümumilikdə iqtisadiyyatın kiçilməsi, dinamikanın azalması deməkdir. 

Problemli kreditlərin artmasının əsas səbəblərindən biri də pandemiyadır. Bu halda gələcəkdə maliyyə sahəsinin bir sıra risklərlə üzləşmək ehtimalı var”. 

Ekspertin sözlərinə görə, yaxın günlərdə zərər açıqlayan banklar təhlükə siqnalıdır:

“Bankların uzun müddət zərərdə olması və zərərlə çalışması davam edə bilməz. Qısamüddətli vaxtda bank bunu kompensasiya edə bilər. Əgər zərər uzun müddət davam edərsə, bu zaman bir neçə bankın bağlanma riski ilə üz-üzə qalması istisna edilmir. Xüsusilə biz son illərdə bu təcrübəni yaşamışıq. Ən son ötən il eyni anda 4 bankın lisenziyasının ləğv olunması kimi bir situasiya ilə üzləşdik. 

Qeyd etmək lazımdır ki, maliyyə sektoru hələ ki pandemiyanın mənfi təsirlərindən çıxmayıb. İstər qlobal, istərsə yerli bazarlarda gələcək proqnozlar əsasən pandemiyanın gedişatından birbaşa asılı olacaq. Daxili bazarda fəaliyyət göstərən qurumlara bununla bağlı çox iş düşür. Xüsusilə banklar gələcək planlarını çoxşaxəli qurmaq məcburiyyətindədirlər. Azərbaycanda xüsusilə kredit faizlərinin artımına səbəb olan izafi xərclərini mütləq şəkildə azaltmalıdırlar. Çünki bu, əsas faktorlardan biri kimi görünür. Ümumilikdə banklar gələcəkdə gedişatın müsbət yox, mənfi versiyasına hazır olmalıdırlar”. 

A. İsmayılov əlavə edib ki, monetar siyasətdən birbaşa məsul qurum kimi Mərkəzi Bankdan müəyyən addımlar gözlənilir:

“Mərkəzi Bank bir tərəfdən maliyyə institutlarına dəstəyini davam etməli, banklarla sıx işləməli, digər tərəfdən vətəndaşlara və hüquqi şəxslərə dəstəyini nümayiş etdirməlidir. Xüsuilə keçən təcrübəmizdə olduğu kimi, bağlanan banklarda vətəndaşların sığortalanan vəsaitləriı ödənilir, lakin hüquqi şəxslərin vəsaitləri de-fakto qorunmur. Hüquqi şəxslər vəsaitləri geri qaytarılanlar siyahısında ən sonda yer aldığı üçün əslində çox zaman onların vəsaitləri ödənməmiş olur.

Nəzərə almaq lazımdır ki, bankın kapitalının əsas hissəsini hüquqi şəxslərin vəsaitləri təşkil edir. Zərərə düşən hüquqi şəxslər, müəssisələr ya iflas edəcəklər, ya işçiləri həmin iş yerini itiriəcək. Digər tərəfədən dövlət büdcəsi də bundan zərər görəcək. çünki bu müəssisələr vergi, rüsum və s. kimi ödəməli olduğu vəsaitləri büdcəyə ödəyə bilməyəcək və bu da iqtisadiyyata öz təsirini göstərəcək. Maliyyə məsələsi ilə bağlı Mərkəzi Bank sadəcə izləmə funksiyası ilə kifayətlənməməli, aktiv davranmalı, prosesləri nəzarətə götürməli, banklarla işləməli və eyni zamanda ictimaiyyəti məlumatlandırmalıdır”.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay