A

xalqqazeti.com

Azərbaycan və Rusiya arasındakı münasibətlər, ilk növbədə, bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa söykənir. Bununla bağlı son illərdə iki dövlət arasında imzalanan “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat”, “Rusiya–Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və “Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında 2024-cü ilədək Əməkdaşlıq Proqramı” kimi sənədlər həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri baxımından mühüm önəm daşıyır, başqa sözlə, bu ölkələr arasında siyasi dialoqu, ticari-iqtisadi inkişafı, investisiya qoyuluşu məsələlərini, yeni nəqliyyat dəhlizlərinin yaradılması, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və digər sahələr üzrə yol xəritələrini özündə əks etdirir.

İki dövlət arasında iqtisadi münasibətlər isə xüsusi önəm daşıyır. Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir. Yəni, əslində bu, iki ölkə arasında əməkdaşlığın miqyasının və əhəmiyyətinin bariz ifadəsidir.

Xatırladım ki, bu ölkələr arasında əlaqələr Azərbaycan və Rusiya prezidentlərinin qarşılıqlı etimada əsaslanan münasibətləri sayəsində yüksək səviyyəyə yüksəlib. Elə bunun nəticəsidir ki, koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, Azərbaycan–Rusiya ticarət dövriyyəsi 2021-ci ildə 12 faizdən çox artaraq, 3 milyard ABŞ dollarına çatıb. Ölkəmiz tərəfindən Rusiya iqtisadiyyatına 1,2 milyard ABŞ dollarından çox sərmayə qoyulub, Rusiya tərəfindən isə Azərbaycan iqtisadiyyatına 6 milyard ABŞ dollarından artıq investisiya yatırı­lıb. Bu günə kimi ölkəmizdə Rusiya kapitalına əsaslanan 1110 müəssisə qeydiyyata alınıb.

Ötən il Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracının həcmi 6 faiz artıb. Bu ba­xımdan, Azərbaycandan Rusiyaya meyvə və tərəvəzin dəmir yolu vasitəsilə daşınmasına verilmiş icazənin müddətinin 2023-cü il yanvarın 1-nə qədər uzadılması iqtisadi əməkdaşlığın inkişafına öz müsbət təsirini göstərib. Bununla yanaşı, Rusiyanın Azərbaycan üçün mineral gübrələrin və yem bitkilərinin əsas tədarükçüsü olması və bu sahədə uğurlu əməkdaşlığın mövcudluğu da tərəflər arasında əlaqələrin möhkəmlənməsini şərtləndirib.

Nəqliyyat-logistika sahəsində əməkdaşlıq da son illər ərzində ən yüksək səviyyəyə yüksəlib. Belə ki, iki ölkə arasında avtomobil daşımaları­nın həcmi ötən il 6,6 faiz, tranzit daşımalarının həcmi isə 14,3 faiz artıb. Bu məsələdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi önəmli rol oynayıb. Eyni zamanda, həm Azərbaycan, həm də Rusiya tərəfindən dəhliz çərçivəsində imkan­ların genişləndirilməsi üzərində fəal iş aparılıb.

Yeri gəlmişkən, beynəlxalq “Şimal-Cənub” və “Şimal-Qərb” nəqliyyat dəhlizləri vasitəsilə Bakı–Tbilisi–Qars dəmir yolu ilə Rusiyadan Türkiyəyə yüklər göndərilir.

Azərbaycanla Rusiya arasında iqtisadi və ticarət əlaqələri bir çox sahələri əhatə edir. Şimal qonşumuz xüsusilə qeyri-neft-qaz ixra­catında mühüm paya malikdir. Eyni zamanda, ölkəmiz Rusiyadan aqrar məhsulları ən çox idxal edən 10 ölkədən biridir.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ötən ilin yanvar-oktyabr ayların­da qeyri-neft-qaz ixracında Rusiya 32,4 faizlə birinci yerdə qərarlaşıb. Həmin dövrdə ölkəyə daxil olan məhsulların ümumi dəyərinin 17,7 faizi bu ölkənin payına düşüb.

Rusiya şirkətləri tərəfindən işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin apa­rılmasına da böyük maraq göstərilir. Qarabağ və Şərqi Zəngəzurda ərazilərin yenidən qurul­ması Azərbaycana qonşu ölkələrlə, eləcə də Rusiya ilə ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün geniş imkanlar yaradır.

Artıq Rusiya şirkətləri tərəfindən düşməndən təmizlənən ərazilərdə bərpa-quruculuq işlərində iştirak etmək üçün 14 layihə barədə təkliflər verilib. Həmin layihələrdən biri olan Şərqi Zəngəzur iqtisadi regionundakı “Araz vadisi iqtisadi zonası” sənaye parkında “KamAZ” müştərək servis mərkəzinin tikintisi artıq reallaşmaqdadır.

Hazırda Azərbaycanın Rusiyanın 80-dən çox subyekti ölkəmizlə iqtisadi əməkdaşlığı uğurla inkişaf etdirir. Ölkələrimiz arasında 230-dan çox hökumətlərarası və müəssisələrarası sənədin imzalanması, eyni zamanda, altı “yol xəritəsi”nin həyata keçirilməsi bunun bariz ifadəsidir.

Vəkil HÜSEYNOV,

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay