A

azpolitika.info

““Zabitlər Parkı”nda məlumatverici löhvələr, elektron ekranlar quraşdırılmalı və bizim Qarabağdakı tarixi qələbəmiz ölkəmizə gələn qonaqlara, turistlərə təqdim olunmalıdır”

“Birmənalı şəkildə başa düşməliyik ki, parkın ətrafında kababxana ola bilməz”

Ötən ay paytaxtın Səbail rayonunda salınan “Çəmbərəkənd parkı” insanların böyük marağına səbəb olmuşdu. Belə ki, parkın yuxarıdan çəkilmiş fotolarında “8” formasının aydın nəzərə çarpması, “8 Noyabr – Zəfər Günü” ilə bağlı dünyaya növbəti mesaj kimi qiymətləndirilmişdi.

Həqiqətən də bu parkın arxitekturası 44 günlük Vətən müharibəsindəki qələbimizlə tam olaraq bütünləşmişdi.

Ümumiyyətlə son illər ölkəmizdə xüsusən də paytaxtda salınan parklara nəzər saldıqda bu cür incə detallara xüsusi önəm verildiyini görmək mümkündür. Ancaq təəsüf ki, bu gün ad və məzmun baxımından bir-birilə ziddiyyət təşkil edən parkların sayı da az deyil.

Bu mövzuyla bağlı iqtisad elmləri doktoru, professor Zahid Məmmədov “AzPolitika.info”-ya şərhində bildirib ki, əvvəllər təkcə “Mərkəzi Park” adlanan ərazi var idi və insanlar bu yerdə görüşüb, istirahət edirdilər: “Təəssüf ki, parklarımızın əksəriyyəti adlarına uyğun deyil. Biz bütünlüklə bu mədəniyyəti dəyişməliyik. Parklar eyni zamanda ölkənin və şəhərin tanıdılmasında olduqca vacibdir. Bu gün şəhərlərin urbanizasiyasında parkların rolu olduqca böyükdür. Ekoloji baxımdan şəhərlərin müxtəlif yerlərində parkların salınması çox önəmli bir amildir. Parklar ekoloji cəhətdən təmiz məkan olmaqla yanaşı həm də maarifləndirici tədbirlərin həyata keçirildiyi yerdir”.

Z.Məmmədov qeyd edir ki, parkın adı mütləq qaydada məzmununa uyğun olmalıdır: Məsələn, Azərbaycanda “Zabitlər Parkı” salınıb. Gəlin baxaq bu gün “Zabitlər Parkı”nda bu ada uyğun nəsə varmı? Biz bu parkda 44 gündə Qarabağda əldə etdiyimiz zəfəri nümayiş etdirə bilirikmi? Təəssüf ki, xeyr. Hesab edirəm ki, bu parkda məlumatverici löhvələr, elektron ekranlar quraşdırılmalı və bizim Qarabağdakı tarixi qələbəmiz bu formada ölkəmizə gələn qonaqlara, turistlərə təqdim olunmalıdır. İnsanlar “Zabitlər Parkı”na gedəndə parkın məzmununa uyğun olan hər şeyi görməlidirlər. Eyni zamanda parkın ərazisində heykəltəraşlıq nümunələrinə də xüsusi önəm verilməlidir”.

"Bu gün bəzi parkların ətrafında kafelər, binalar tikilir, kababxanalar açılır. Birmənalı şəkildə başa düşməliyik ki, parkın ətrafında kababxana ola bilməz. Biz bir tərəfdən ekologiyadan danışırıq, digər tərəfdən isə havaya zəhərli tüstü buraxırıq. Dünyanın heç bir yerində parkın ətrafında kababxana fəaliyyət göstərmir. Bu gün bəzi parkların ətrafında təmizlik işlərinin aparılmasına böyük ehtiyac var. Ümid edirəm ki, müvafiq qurumlar bunun üçün addımlar atacaqlar” - deyə, professor bildirib.

TOP XƏBƏRLƏR