Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, eks-maliyyə naziri, professor Əvəz Ələkbərov Modern.az saytına müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Rusiya-Ukrayna müharibəsi və dünyada müşahidə olunan iqtisadi problemlərlə bağlı nə deyə bilərsiniz?
- Əlbəttə, indiki sivil dünyada iki ən yaxın xalqın müharibə aparması yolverilməzdir. Azərbaycan üçün həm Rusiya, həm Ukrayna iqtisadi baxımdan ən önəmli ölkələrdir. ABŞ və Qərb ölkələrinin Rusiyaya və Belarusa qarşı qoyduqları sanksiyalar dünyada iqtisadi artımın azalmasına rəvac verəcək. Türkiyədə keçirilən görüşlərdə Prezident Rəcəb Tayyib Ərdoğan danışıq iştirakçıları qarşısında çıxış edərək, tərəfləri atəşkəsə çağırıb və hərbi əməliyyatların davam etdirilməsinin heç kimə sərfəli olmadığını, danışıqların konkret nəticələr verəcəyinə ümid etdiyini bildirib. Bu barədə Prezident İlham Əliyevin səyləri də danılmazdır. Hamımızın arzusu ondan ibarətdir ki, müharibə tez bitsin və sülh bərqərar olsun. Düşünürəm ki, Rusiyanın çox böyük itkiləri olacaq və rus rublunun dönərli valyutalara nisbətini hökumət heç bir vasitə ilə saxlaya bilməyəcək.
- Yuxarıda dediklərinizi nəzərə almaqla, ölkəmizdə ümumi daxili məhsulun artımı, səviyyəsi və dövlət büdcəsinin icrası barədə proqnozlarınızı eşitmək maraqlıdır...
- Düşünürəm ki, Azərbaycan Respublikası Prezidentinin yürütdüyü çox samballı, ölçülüb-biçilmiş siyasət nəticəsində bizim ölkədə ümumi daxili məhsulun pronozlaşdırılmış templəri təmin olunacaq. Mənim hesablamalarıma görə, ÜDM-nin həcmi 102-105 mlrd.manata çatacaq. Əlbəttə ki, burada hökmən dünya bazarında neft və qazın artan qiyməti ölkəmizə bu templəri qorumaq üçün dəstək verəcək. O ki qaldı dövlət büdcəsinin proqnozuna, cari dövrdə büdcə gəlirləri nəzərdə tutulduğundan daha artıq yerinə yetirilir. Ümid edirəm ki, Azərbaycan çevik fiskal siyasət nəticəsində illik büdcə proqnozlarını normal yerinə yetirəcək. Bu da ona imkan verəcək ki, nəzərdə tutulmuş bütün xərclər ünvanlı və səmərəli şəkildə maliyyələşdirilsin.
- Sizcə, nəzərdə tutulmuş inflyasiya səviyyəsini qoruyub saxlamaq mümkün olacaqmı?
- İnflyasiyanı qoruyub saxlamaq hökumətin ən prioritet məsələlərindəndir. Bu məsələ ilə bağlı hökumət və Mərkəzi Bank çoxlu tədbirlər həyata keçirməlidir. İş adamları süni qiymət artımına yol verməməlidirlər. Onu da nəzərə almaq lazımdır ki, Rusiyada və Ukraynada vəziyyətlə bağlı orada yaşayan azərbaycanlılar ölkəmizə vəsait göndərmək, investisiya qoymaq imkanlarından demək olar ki, məhrum olacaqlar. Qeyri-rəsmi məlumata görə, bu iki ölkədən Azərbaycana hər il 1-2 milyard ABŞ dolları vəsait daxil olurdu. Üstəlik, o da nəzərə alınmalıdır ki, Ukraynadan ölkəmizə bir neçə min soydaşımız qayıdıb. Düşünürəm ki, bu proses daha da dərinləşə bilər.
- Bildiyimizə görə, Azərbaycanda həm sovet, həm də müstəqillik illərində ABŞ-ın maliyyə naziri bir dəfə Bakıda səfərdə olub. Siz onunla işgüzar görüş aparmısınız. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, Ümummilli Lider Heydər Əliyevin ABŞ rəsmi dairələri ilə apardığı möhtəşəm və uzaqgörən işlər sayəsində Azərbaycanla ABŞ-ın hökumətlərarası iqtisadi komissiyası fəaliyyət göstərirdi. Mən də həmsədr kimi Prezident tərəfindən təyin edilmişdim. Məlum olduğu kimi, o dövrün ən başlıca görüləcək strateji işlərindən biri də Beynəlxalq Valyuta Fondu və Dünya Bankı qrupu ilə yaxşı əlaqələrin qurulması idi və həmin təşkilatların əsas sərmayədarı ABŞ idi. Transmilli layihələrin həyata keçirilməsində bu adıçəkilən təşkilatların rolu önəmli idi. İlk növbədə ABŞ hökumətini Azərbaycanda aparılan islahatların düzgünlüyü, məqsədyönlülüyü maraqlandırırdı. Ona görə də 2001-ci ilin may ayında Corc Buş (kiçik) dövründə ABŞ maliyyə naziri Paul Onil Avropadan Çinə gedərkən yolüstü Bakıda dayanıb mənimlə görüşə razılıq vermişdi.
O, həm keçmiş alüminium şirkətinin prezidenti, həm böyük biznes adamı və həm də posta olan maliyyə naziri kimi təxminən iki saat mənimlə görüşdü. Yuxarıda sadaladığım işlərlə bağlı məlumatımı dinlədi və gələcəyə baxışla bağlı diskussiya apardıq. Azərbaycanla bağlı ABŞ hökumətinin bütün tədbirlərdə dəstəklənməsinə vəd verdi və mən düşünürəm ki, sonrakı illərdə də bu dəstəyin şahidi olduq. Mən özümü şanslı sayıram ki, Amerikanın maliyyə naziri Bakıya gəldiyi zaman onunla görüşdüm və qeyd etdiyim məsələlər barədə geniş spektrli görüşümüz oldu.