A

"Xalq qəzeti"

Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda gələn il üçün dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri 26 milyard 894,7 milyon manat məbləğində ifadə olunub. Xatırladım ki, büdcə hazırlanarkən, növbəti ildə 4,6 faizlik inflyasiya proqnozu nəzərə alınıb. Belə halda isə icmal büdcə cari illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz artmaqla 29 milyard 488 milyon manata çatdırılıb.

Bu, büdcədə fiskal dayanıqlılığın diqqət mərkəzində saxlanılmasının bariz ifadəsidir. Belə bir vəziyyət, eyni zamanda, özünü daha çox ölkə başçısının tapşırığına uyğun olaraq icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin növbəti ildə daha 1 faiz azalaraq 29,1 faizə endiriləcəyində göstərir. Bu, o deməkdir ki, icmal büdcə getdikcə neftdən daha az asılı olur.

Xüsusən də nəzərə almaq lazımdır ki, gələn il sosialyönümlü xərclər 2,6 milyard manat və ya 33,5 faiz çox proqnozlaşdırılıb. Bir tərəfdən neftin qiymətinin hər barrelə görə növbəti ilin büdcəsində 5 dollar və ya 8,3 faiz az götürülməsi, digər tərəfdən isə sosial xərclərin 33,5 faizlik artımı fonunda büdcə qaydalarının pozulmaması fiskal dayanıqlılığın güclənməsi mənasına gəlir.

O da qeyd edilməlidir ki, 2020-ci ildə Dövlət Neft Fondundan büdcəyə transfertin və hasilatın pay bölgüsü üzrə mənfəət vergisinin azalan həcmi qeyri-neft sektoru üzrə kompensasiya ediləcəkdir. Bunu ölkə iqtisadiyyatının mövcud inkişaf səviyyəsi, qeyri-neft sektorunda müşahidə olunan müsbət dinamik göstəricilər deməyə əsas verir. Yeri gəlmişkən, xatırladaq ki, gələn il ÜDM-in real artımının 3 faiz, o cümlədən neft sektoru üzrə 1,6 faiz, qeyri-neft sahəsində isə 3,8 faiz təşkil edəcəyi, həmçinin qeyri-neft sənayesinin 8,8 faiz, kənd təsərrüfatının 4,8 faiz artacağı  proqnozlaşdırılıb.

Burada diqqət yetirilməsi vacib bir məqam da odur ki, son illər ölkədə kölgə iqtisadiyyatından leqallaşmaya sürətli keçidin gerçəkləşməsi istiqamətində mühüm tədbirlər görülüb və bu, hazırda da davam etdirilir. Məsələn, vergi inzibatçılığının təkmilləşdirilməsi, həmçinin cari il, eləcə də 2020-ci ildə Vergi Məcəlləsinə edilən dəyişikliklər orta vergi dərəcəsini aşağı salır, vergi yükünü yüngülləşdirir.

Yeri gəlmişkən, gələn il üzrə vergi islahatlarının bəzilərini xatırlatmaq istərdim. Bunlara sabit qəbz almaqla vergi ödəyən fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğinin azaldılması, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin ƏDV-dən azad edilməsi, dövlət büdcəsindən ödənilən ixrac təşviqinin vergidən azad edilməsi, yeni nəsil nəzarət-kassa aparatına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməsi, yeni tikilən binalardan dövlətə ayrılan hissəyə güzəştin verilməsi, sənaye və texnologiyalar parklarının rezidentlərinə verilən vergi güzəştlərinin müddətinin 7 ildən 10 ilədək artırılması daxildir. Bu isə o deməkdir ki, azalan vergi dərəcələri fonunda vergi gəlirləri artır.

Unutmayaq ki, vergi və gömrük sistemlərində səmərəli iqtisadi tədbirlər görülməsi hesabına əlavə gəlirlərin əldə olunması və büdcənin güclənməsi sosial islahatların gerçəkləşdirilməsinə əlverişli şərait yaradır.

Prezident İlham Əliyev əvvəlki çıxışlarında da son vaxtlar həyata keçirilən islahatların nəticəsi kimi, vergi və gömrük orqanlarının büdcə daxilolmalarındakı rolunu yüksək qiymətləndirərək, bu qurumların şəffaf fəaliyyəti, habelə islahatlar hesabına büdcə daxilolmalarının böyük dərəcədə artdığını diqqətə çatdırıb. Dövlət başçısı, həmçinin vurğulayıb ki, daxil olan əlavə gəlirlər, ilk növbədə, sosial məsələlərin həllinə, insanların rifahının yaxşılaşdırılmasına yönəldilir.

Prezident İlham Əliyev  Azərbaycanda sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, şəffaf gömrük-vergi sisteminin formalaşması kimi məsələlərin həllini qarşıya mühüm vəzifə kimi qoyub. Dövlət başçısı qeyd edib ki, 2018-2019-cu illərdə gömrük-vergi sistemində aparılan islahatlar nəticəsində məmur-sahibkar təmasları xeyli azalıb, şəffaflıq və büdcəyə daxilolmalar əhəmiyyətli dərəcədə artıb.

Yuxarıda ölkədə kölgə iqtisadiyyatından leqallaşmaya sürətli keçidin gerçəkləşməsi istiqamətində mühüm tədbirlər görüldüyünü qeyd etdim. Məhz elə bunun nəticəsidir ki, son vaxtlar vergi islahatları nəticəsində əmək müqavilələrinin sayında da əhəmiyyətli artım nəzərə çarpıb. Təkcə cari ilin yanvar-sentyabr aylarında əmək müqavilələrinin sayı 126 min artaraq 1 milyon 528 min 246 təşkil edib. Yeni bağlanılan əmək müqavilələrinin 35 mini dövlət, 91 mini qeyri-dövlət sektoruna aiddir. Beləliklə, ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayında 9 faizdən çox artım qeydə alınıb.  Əlbəttə, belə bir göstərici dövlət başçısının müvafiq göstərişi ilə həyata keçirilən vergi güzəşti ilə bağlı islahatın məntiqi nəticəsidir.

Son illərdə vergi sistemi ilə yanaşı, gömrükdə də mühüm islahatlar aparılıb və bu, hazırda davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətin nəticəsi olaraq gömrük orqanlarında islahatların aparılması istiqamətində mühüm işlər görülür. Reallaşdırılan islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq şəraitinin yaxşılaşdırılmasına və biznes mühitinin inkişafına töhfəsini verir. Hazırda gömrük orqanları ilə sahibkarlıq subyektləri arasında səmərəli dialoq qurulur, şəffaflıq təmin edilir, gömrük prosedurları sadələşdirilir, qanunvericilik bazası ardıcıl olaraq təkmilləşdirilir. Bundan başqa  fiziki şəxslərin gömrük-sərhəd keçid tezliyinin, idxal və ixrac olunan mal və nəqliyyat vasitələrinin operativ qeydiyyatının reallaşdırılması, ölkəyə gələn və ölkədən gedən turistlərin “Yaşıl dəhliz” və digər keçid zolaqlarından istifadə etməklə gömrük qanunvericiliyinə əməl olunması prosesləri diqqət mərkəzində saxlanılır. Məhz bunun nəticəsidir ki, cari ilin fevral ayının 1-dən etibarən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sisteminin idxaldakı payı 23, ixracda isə 27 faizdir.

Onu da xatırladaq ki, 2018-2019-cu illərdə gömrük sistemində gerçəkləşdirilən ­islahatlar sayəsində məmur-sahibkar təmasları xeyli azalıb, şəffaflıq və büdcəyə daxilolmalar əhəmiyyətli dərəcədə artıb. Bunun sayəsində isə ilin ötən aylarında Dövlət Gömrük Komitəsi illik büdcə daxilolmaları üzrə proqnoz göstəricilərini tam həcmdə yerinə yetirib.

Gələn ilin dövlət büdcəsində dqqətçəkən bir məsələyə də toxunmağı lazım bilirəm. Bu, büdcədə icbari tibbi sığortanın tətbiqinin nəzərə alınması ilə bağlıdır. Belə ki, gələn ildən ölkəmizdə mərhələli şəkildə icbari tibbi sığorta tətbiqi olunacaq və bunun üçün də 2020-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri 1 milyard 369 milyon manata yüksəlib. Başqa sözlə, gələn ilin dövlət büdcəsində icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclər də nəzərə alınmaqla səhiyyə xərcləri bu illə müqayisədə 326,5 milyon manat və ya 31,3 faiz artırılıb.

Burada diqqətçəkən əsas məqamlardan biri “Tibbi sığorta haqqında” Qanununa təklif edilən dəyişikliklərin Milli Məclis tərəfindən qəbul edilməsidir. Dəyişikliyə əsasən, 2020-ci ilin yanvarın 1-dən mərhələlərə bölünməklə dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılacaq. Qanuna əsasən, bütün əhali sığortaolunan hesab edilir və xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərdən yararlanmaqla bərabər hüquqa malik olacaq.

Ümumiyyətlə, icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclərin əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanacaq və əhaliyə göstərilin tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində böyük islahat tədbirləri həyata keçiriləcək.

Buradakı digər mühüm məqam isə ondan ibarətdir dünyanın bir çox ölkəsi ilə müqayisədə Azərbaycanda aşağı faizlə icbari tibbi sığorta haqları toplanacaq. Belə ki, 2020-ci il aprelin 1-dən qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manatadək olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı ödəniləcək. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Yeri gəlmişkən, bəzi ölkələrdə icbari tibbi sığorta haqqı yalnız işçi və yaxud, işəgötürən tərəfindən ödənilir. Azərbaycanda isə dövlət büdcəsinin icbari tibbi sığorta ilə bağlı yükün böyük bir hissəsini üzərinə götürməsi də büdcənin sosialyönlü olmasının göstəricisidir.

Vəkil HÜSEYNOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru

TOP XƏBƏRLƏR