A

"İki sahil"

Professor Zahid Məmmədov: Vaxt gələcək, ermənilər ata-babalarının cinayətlərinə görə xəcalət çəkəcəklər, üzr istəyəcəklər

Azərbaycan Dövlət İqtisad Universitetinin  (UNEC) Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov sözügedən mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bu məsələləri ətraflı şərh edib.

Prof. Z.Məmmədov əvvəlcə “Ağdamın tanıtımı üçün daha hansı addımlar atıla bilər” sualına aydınlıq gətirərək deyib ki, sözügedən rayonda Qarabağ İqtisadi Forumu keçirilə bilər: “Bu nə deməkdir? Polşa Varşava müqaviləsindən, yəni planlı sosialist iqtisadiyyatından çıxdıqdan sonra öz şəhərlərinin ayrı-ayrılıqda tanıtımı ilə əlaqədar xarici investorlar və dünya ictimaiyyətini cəlb etmək üçün çeşidli forumlar fikirləşdi. Siz təsəvvürünüzə gətirin ki, vaxtaşırı Polşanın Krunisa- Zdriy şəhərində Polşa İqtisadi Forumu keçirilir. Bu şəhər Ağdam kimi bir yerdir. Şərqi Avropanın dövlət, hökumət, media və biznes nümayəndələri hər il bu foruma gəlirlər, tədbirlərdə iştirak edirlər. Orada Polşa iqtisadiyyatı, dünya məsələləri eninə-boyuna müzakirə olunur. Məsələn, hesab edirəm ki, Ağdam İqtisadi Forumu sentyabrın 21-də başlamalıdır. Ona görə ki, həm milli, həm də beynəlxalq səviyyədə bütün ölkələr və xalqlar arasında sülh ideyalarının gücləndirilməsi günü Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Yəni Ağdam İqtisadi Forumu sülh mövzusunda dünyaya nəfəs verər. Sülh varsa, iqtisadi inkişaf və siyasi təhlükəsizlik var. Sülh olmayan yerdə məsələ həll edilmir.”

Prof. Z.Məmmədovun sözlərinə görə, Qarabağ İqtisadi Forumu dünya üzrə siyasət, iş dünyası nümayəndələrinin iqtisadi rifah, sosial ədalət, həmrəylik mövzusunda regionda müzakirə olunan ən iri və məşhur tədbir kimi qəbul oluna bilər: “Hesab edirəm ki, biz dünyanın ən etibarlı təşkilatlarını, o cümlədən Dünya Bankını, beynəlxalq maliyyə təşkilatlarını da təşkilatçılar sırasına cəlb edə bilərik. Bu iqtisadi forumun missiyası siyasi-iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli bir mühit yaradacaqdır. Ağdam İqtisadi Forumunda sülh, ədalət, həmrəylik mövzuları ilə bağlı vacib bəyannamələr qəbul edilə bilər. Burada iştirakçılar tərəfindən səsləndirilən fikirlər dünya mediası tərəfindən işıqlandırılaraq ekspert dairələrində müzakirə mövzusu ola bilər. Təsəvvür edin ki, forumda səsləndirilən sülhə, iqtisadi inkişafa yönəlik hər bir bəyanatın dünya mətbuatı tərəfindən də müzakirə olunması bizə necə böyük uğur gətirər. Foruma prezidentləri, baş nazirləri, siyasətçiləri, nüfuzlu elm, media dünyasının təmsilçilərini cəlb etmək olar. Bununla əlaqədar təcrübələr var və hesab edirəm ki, Ağdam İqtisadi Forumunun keçirilməsi, burada sülhə yönəlik verilmiş bəyanatlar həm Ağdamın tanıtımı, həm də regionda rifahın artırılmasına xidmət göstərə bilər.”

Prof. Z.Məmmədov qeyd edib ki, eyni zamanda, Qarabağın iqtisadi quruculuğunun inkişafında alternativ maliyyə mənbələrindən istifadə vacibdir: “Bu gün İslam Maliyyə İnstitutu 99 ölkədə fəaliyyət göstərir. Onun aktivləri 4 trilyon, illik artımları isə 15-20% təşkil edir. Hesab edirəm ki, Qarabağda alternativ maliyyə mənbələrinin inkişafı ilə əlaqədar halal məhsulların istehsalı üçün çox münbit bir şərait var. Biz bundan geniş şəkildə istifadə edə bilərik. Ağdamda halal brendi ilə qurulan qida müəssisələri çox vacibdir və bu sahədə də müəyyən addımları atmaq imkanımız var. Halal qida standartlarının tətbiqi ilə əlaqədar gərəkli imkanlar və kadrların yetişdirilməsi də mümkündür. Eyni zamanda, Qarabağda moda indüstrasiyasının böyük potensialı var. Belə ki, Qarabağda 18-20-ci əsrlərin klassik moda sənayenin geniş inkişafına yol açmaq mümkündür.”

UNEC rəsmisi bildirib ki, Belarusun Brest şəhərində olarkən Brest Tarix Muzeyi ilə tanış olmaq istəyib: “Faşist Almaniyasının ilk hücumu 1941-ci il iyun ayının 22-də Brest şəhərindən başlayıb. Mənə dedilər ki, bu muzeydə bələdçi əldə etmək üçün bir həftə əvvəl sifariş vermək lazımdır. Bu muzeyə insanların axını müşahidə olunur. Təsəvvür edin ki, Qarabağın işğalı, Zəfər tarixi nə qədər insanları maraqlandıracaq. Bunun üçün bizim indidən çipləri, bələdçiləri, çoxlu sayda mütəxəssisləri, qabiliyyətli, bilikli insanları hazırlaşdırmağımız lazımdır. Brest Tarixi Muzeyinə milyonlarla insan gəlir. Xüsusi vurğulayaraq deyirəm ki, vaxt gələcək, ermənilər gəlib orada utanacaqlar, onlar özlərinin, atalarının, babalarının yürütdükləri işğalçı siyasətə görə xəcalət çəkəcəklər, üzr diləyəcəklər. Brest Tarixi Muzeyinə gələn insanlar bizə göstərdilər ki, alman faşizminə qarşı savaşanlar sonradan gəlib burada Belarus ailəsini tapıblar. Bu, dəhşətli hadisədir. Düşünün ki, ermənilər öz babalarının, atalarının etdikləri cinayətlərə görə hansı məsuliyyəti daşıyacaqlar. Bu, bizim üçün qarşımızda duran ən vacib məsələlərdən biri olmalıdır.”

Professor söyləyib ki, biz indidən Qarabağda ayrı-ayrılıqda regionların güclü tanıtımı ilə əlaqədar bələdçilər institutunun yaradılmasına diqqət etməliyik: “İkincisi, ən əsası isə Qarabağ Universiteti yaradılmalıdır. Biz Qarabağ Universitetinin yaradılması ilə əlaqədar addımlar atmalıyıq. Bu universitet artıq planda var. Amma hazırda onun tikintisi deyil, fəaliyyətə başlaması zamanıdır. Çünki artıq Qarabağda fabrik və zavodlar fəaliyyət göstərməyə başlayanda Qarabağ Universitetinin məzunları artıq orada işləməlidir. Məsələn, Füzuli Beynəlxalq Hava Limanına elə mütəxəssislər tələb olundu ki, bizim indidən bu hazırlıqla əlaqədar ciddi şəkildə işləməyimiz lazımdır. Hazırlıq işlərinə indidən başlamalıyıq. İnanıram ki, bunun üçün bütün imkanlar var. Hazırda hansı addımların atılması lazımdır? Birincisi, dediyim kimi, alternativ maliyyə institutlarının Qarabağda tətbiqi və inkişafı ilə əlaqədar akademik dairələrlə birlikdə işçi qrupu təsis etmək lazımdır. Qarabağın bərpası və inkişafı kontekstində “Ağdamın iqtisadi inkişafında alternativ maliyyə modeli: İmkanlar və prioritetlər” mövzusunda konfrans keçirilə bilər. Ən əsası hesab edirəm ki, bizim artıq bütün Qarabağ iqtisadiyyatı, tarixi, ədəbiyyatı ilə əlaqədar bir elmi jurnala sahib olmağımız lazımdır. Bu elmi jurnal Qarabağın tarixini, iqtisadiyyatını dünyaya tanıtdıra bilər. Məsələn, ABŞ-da olan bir tədqiqatçı, senator Qarabağla əlaqədar bir məlumatı istəyirsə, o biləcək ki, bu məlumatları Azərbaycanda yayımlanan “Qarabağ” jurnalından əldə edə bilər.”

İqtisadçı ekspert vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun Ağdam rayonunda böyük xidməti var: “Orada qısa müddətdə komanda şəklində böyük işlər görülüb. Mən bu yaxınlarda Ağdamı ziyarət etdim. Burada böyük işlər görülür və mənim çox böyük inamım və güvənim var ki, Qarabağın tanıtımı və inkişafı qısa bir müddətdə dünya tərəfindən ən ciddi şəkildə müzakirə ediləcək mövzu olacaq. Əgər Füzuli Beynəlxalq Hava Limanı qısa bir müddətdə tikilibsə, bu, özü bir mövzudur. Ölkələr var ki, 6-7 ilə tikə bilmədiklərini biz Qarabağda, Ağdamda qısa müddətdə reallaşdırmışıq. Fabrik və zavodların bərpası onu göstərdi ki, burada işlər yüksək səviyyədə davam etdirilməkdədir.” 

Cavid Əkbərov, “İki sahil”

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay