A
Azərbaycan Respublikasının dünyanın ayrı-ayrı dövlətləri ilə qurduğu ikitərəfli əlaqələr, mehriban dostluq və əməkdaşlıq münasibətləri ildən-ilə genişlənərək məzmunca yeni keyfiyyət mərhələsinə qədəm qoyur. Bu zaman diqqəti çəkən əsas reallıq odur ki, Azərbaycanın Cənubi Qafqazın lider dövləti olması bütün dünyada etiraf edilir.
 
Azərbaycan Prezidenti ilə görüşən hər bir dövlət və hökumət başçısı, xarici ölkələrin parlament nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini, münasibətləri dərinləşdirməkdə maraqlı olduqlarını birmənalı şəkildə diqqətə çatdırırlar. Çünki hər biri Azərbaycanın etibarlı tərəfdaş olduğunu, dünyada hökm sürən qlobal problemlərin həllinə böyük töhfələr verdiyini görür və qəbul edir. Bu isə ölkəmizin dünya birliyində böyük nüfuz qazanmasına, sivil və modern dövlətlərlə bir sırada dayanmasına əlverişli zəmin yaradır, respublikamızın beynəlxalq aləmdə artan imicə malik olmasını reallaşdırır. 
İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın ölkəmizə rəsmi səfəri də bunu bir daha təsdiqlədi və göstərdi ki, iki ölkə arasında münasibətlərin inkişaf dinamikası yüksəkdir və müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri daim genişlənir. Digər tərəfdən, bu səfər həm də regional və beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir. 
Azərbaycan-İtaliya arasındakı yüksək siyasi dialoq həm indi, həm də gələcək illərdə əlaqələrin daha da şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edəcək.
Azərbaycan və İtaliya arasında siyasi sahədə olduğu kimi, iqtisadi əməkdaşlıq da uğurla davam edir. Hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Şübhəsiz ki, ikitərəfli əlaqələrin inkişafında qarşılıqlı rəsmi səfərlərin əhəmiyyəti mühüm önəm daşıyır. Bunu müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox investisiya yatırması, Azərbaycanın isə İtaliyaya 135 milyon dollar investisiya qoyması faktından da aydın görə bilərik. 
İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələr, əsasən neft-qaz, qeyri-neft sektoru, sənaye sahələrini əhatə edir. İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir.
İqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün hər iki ölkə böyük potensiala malikdir. Enerji, kənd təsərrüfatı, sənaye, ticarət, investisiya, nəqliyyat, ekologiya və s. sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Azərbaycan bu potensialın reallaşdırılması və İtaliya ilə iqtisadi əlaqələrin inkişafında maraqlıdır. 
Hazırda Azərbaycanın bir sıra müəssisələrində İtaliya texnologiyalarından geniş istifadə olunur. Bununla belə, kənd təsərrüfatı və sənaye sahələrində istifadə üçün bu ölkədən müasir avadanlıqlar idxal edilə bilər. İtaliya şirkətlərinin respublikamızla Azərbaycanda həyata keçirilən investisiya layihələrində, sənaye parklarında və məhəllələrində, aqroparklarda, logistik mərkəzlərin yaradılmasında birgə iştirakı müsbət nəticələrə gətirib çıxarar. 
Azərbaycanın geniş nəqliyyat infrastrukturu və tranzit potensialın olması da heç kəsə sirr deyil. Ona görə də İtaliya şirkətləri Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlana, eləcə də Ələtdə yaradılacaq Xüsusi İqtisadi Zonada səmərəli fəaliyyət göstərə bilərlər.
 
Vəkil HÜSEYNOV, 
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay